Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş "25 il sənət yolu" adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib - FOTO
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş "25 il sənət yolu" adlı sərginin açılış mərasimi keçirilib.

Çoxsaylı elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, görkəmli dövlət və ictimai xadim Həsən Həsənov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Akademiyanın 25 illik fəaliyyət yoluna nəzər salıblar. Çıxışlarda qeyd olunub ki, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncamla əsası qoyulan Azərbaycan Rəssamlıq Akademiyası ölkədə təsviri sənət sahəsində ali təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu gün akademiya milli incəsənət ənənələrini yaşadan, təsviri və dekorativ sənətin bütün istiqamətləri üzrə peşəkar kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi mühüm rola malikdir. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Akademiyanın professor-müəllim heyətinin yaradıcılığını əks etdirən ekspozisiya rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələrini əhatə edir. Burada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri - N.Əliyev, F.Salayev, S. Məmmədov, S.Mirzəzadə, E.Mikayılzadə, C.Hüseynov, M.Hüseynov, N.Əhmədova və digər müəlliflərin əsərləri ilə yanaşı, akademiyanın yaradıcı mühitində formalaşan B.Yusifov, R.Məmmədov, R.Qarayev, N.Məmmədov, C.Ağayev və başqa istedadlı gənc rəssamların bədii axtarışlarını əks etdirən  işlər də nümayiş olunur.

Ekspozisiyada, həmçinin 1920-ci ildə formalaşmış milli rəssamlıq məktəbinin B.Mirzəzadə, D.Kazımov, O.Sadıqzadə kimi görkəmli yetirmələrinin əsərləri yer alıb. Qeyd edək ki, məhz həmin məktəb sonrakı dövrlərdə Azərbaycan Rəssamlıq Akademiyasının formalaşması üçün möhkəm yaradıcılıq və pedaqoji baza rolunu oynayıb.

10 yanvar 2026-cı il tarixinədək davam edəcək sərgi Rəssamlıq Akademiyasında formalaşmış yaradıcılıq mühitini, bədii ənənələrin nəsillərarası davamlılığını və Azərbaycan təsviri sənətinin inkişaf yolunu dolğun şəkildə təqdim edir.