Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edir - MDB PA Şurasının baş katibi

Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edirlər.

Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edir - MDB PA Şurasının baş katibi
Azərbaycan vətəndaşları seçkilərdə çox fəal iştirak edirlər.

Bunu Trend-ə MDB Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi Dmitri Kobitski 7 saylı seçki dairəsinin 132-134 saylı məktəbdə təşkil olunmuş 10 saylı seçki məntəqəsində deyib.

"Vətəndaşların fəallığını müşahidə etmək çox xoşdur. Artıq səhər saatlarından seçki məntəqələrində növbə yaranmışdı. Sevindirici haldır ki, insanlar ölkədə baş verən proseslərə biganə qalmırlar.

Biz seçki məntəqələrində oluruq. Hazırda bu, bizim üçün artıq ikinci məntəqədir. Ən azı 15 seçki məntəqəsini gəzməyi planlaşdırırıq ki, mənzərə bizə tam aydın olsun. Bunu gün ərzində edəcəyik. Axşam bütün müşahidəçi qrupları nəticələri yekunlaşdırmaq və təəssüratlarını bölüşmək üçün toplaşacaq", - baş katib bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.