Bakı Xoreoqrafiya Akademiyası böyük rəqs sənəti bayramı keçirib - VİDEO - FOTO

Bakı Xoreoqrafiya Məktəbinin yaranmasının 95, Bakı Xoreoqrafiya Akademiyasının 10 illik yubileyi və Beynəlxalq Rəqs Günü münasibəti ilə orta ixtisas təhsil (kollec) pilləsinin buraxılış-hesabat konserti keçirilib.

Bakı Xoreoqrafiya Akademiyası böyük rəqs sənəti bayramı keçirib - VİDEO - FOTO
Bakı Xoreoqrafiya Məktəbinin yaranmasının 95, Bakı Xoreoqrafiya Akademiyasının 10 illik yubileyi və Beynəlxalq Rəqs Günü münasibəti ilə orta ixtisas təhsil (kollec) pilləsinin buraxılış-hesabat konserti keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Mədəniyyət Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, ictimai və mədəniyyət xadimləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, xarici qonaqlar və BXA-nın tələbə-müəllim heyəti iştirak ediblər.

Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında L.Minkus "Bayaderka" baletindən səhnələr, Ü.Hacıbəylinin "Koroğlu" operasından Saray qızlarının rəqsi, P.Çaykovskinin "Yatmış gözəl" baletindən Pərilərin variasiyaları, "Qaytağı" xalq rəqsi, C.Quliyev "Yallı" və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.

Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, əməkdar artist Nailə Məmməd-Zadədir.

Tədbirdə iştirak edən qonaqlar Bakı Xoreoqrafiya Məktəbinin 95, Bakı Xoreoqrafiya Akademiyasının 10 illik yubileyi və Beynəlxalq Rəqs Günü münasibəti ilə təəssüratlarını bölüşüblər:

Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova bildirib ki, bu gün rəqslə məşğul olan hər kəsin bayramıdır: "Beynəlxalq Rəqs Günü münasibəti ilə  bu gözəl sənətlə məşğul olan peşəkar insanları, rəqs ustadlarını, müəllimlərimizi, xoreoqrafiya ilə əlaqəsi olan hər kəsi ürəkdən təbrik edirəm. Bu gün Xoreoqrafiya Məktəbinin 95 illiyidir. 95 illiyimizi xüsusi olaraq rəqs bayramında qeyd edirik. Tədbirimizə xarici ölkələrdən bir çox qonaqlar gəlib, hansılar ki, bu Akademiyanı 50-60 il bundan əvvəl bitirib və onlar Xalq artisti, əməkdar artist, teatr müdirləri, ifaçılar, tanınmış ustadlar kimi bizimlə birlikdədirlər. Mənim üçün çox xoşdur ki, Azərbaycanın istər milli, istər klassik, istərsə də müasir rəqsi dünyada tanınır və alqışlanır. Bu gün Akademiyanın qonaqları peşəkar insanlardır. Burada iştirak edən qonaqlar Türkiyədə, İsraildə, Moskvada, Belarusiyada, Ukraynada Azərbaycan rəqsini, Azərbaycan xoreoqrafiyasını təmsil edirlər. Mən əminəm ki, xoreoqrafiya sənəti bundan sonra da inkişaf edəcək və bizim davamçılarımız Azərbaycan bayrağını dünyada dalğalandıracaqlar. Hər birimizin bayramı mübarək olsun".

Türkiyə Cümhuriyyəti Təhsil nazirinin məsləhətçisi Kamile Perçin Akgül deyir ki, burada olmaq onun üçün çox qiymətlidir:  "Bu özəl gündə buradakı iştirakımdan çox böyük məmnunluq duyuram. Burada olmaq mənim üçün çox qiymətlidir. Ötən illər ərzində Azərbaycanda çox olmuşam. Hətta konsertlərin birində Azərbaycan rəqsini böyük fəxrlə azərbaycanlı bəylə birlikdə rəqs etmişəm. Biz bir millət iki dövlət olduğumuzdan Xoreoqrafiya Akademiyasının tələbələri ilə birlikdə ustad dərsinin keçirilməsi mənim üçün çox gözəl fürsət idi. Bu tip tədbirlərin davamını diləyirəm və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".

Azərbaycan Respublikasının Xalq artisti, baletmeyster Mədinə Əliyevanın sözlərinə görə, rəqssevərlər rəqssiz bir gün belə yaşamırlar:

"Rəqs mənim bütövlükdə həyatımdır. Biz rəqs sevənlər harada musiqi eşidiriksə rəqs etməyə başlayırıq, ona görə ki, bizlər rəqssiz bir gün belə yaşamırıq. Odur ki, bu gün bizim üçün çox böyük bir bayramdır. Hamını bu bayram münasibəti ilə təbrik edirəm".

Qırğızıstan-Türkiyə Manas Universiteti İncəsənət Fakültəsi Səhnə sənəti bölümü, professor, doktor Kürşad Gülbeyaz vurğulayıb ki, rəqsdə ifaçılıqla bərabər elm, yəni nəzəri cəhətdən öyrənmə də çox önəmlidir:

"Bu gün bir rəqs müəllimi olaraq çox xoşbəxtəm. Biz eyni zamanda bu günə təsadüf edən Bakı Xoreoqrafiya Akademiyasının təşkil etdiyi simpoziumla bağlı da buradayıq. Artıq 3 ildir ki, simpoziumda iştirak edirəm. Bu simpoziumun təşkili ilə bağlı BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, əməkdar artist Nailə Məmməd-Zadəyə xüsusi təşəkkür edirəm. Çünki rəqs deyəndə ağıla ifaçılıq gəlir, amma bu ifaçılıqla bərabər elm, yəni nəzəri cəhətdən öyrənmə də çox önəmlidir. Xoreoqrafiya Akademiyası bu il onuncu ilini qeyd edir. Bu əslində 95 illik bir keçmişin davamıdır. İfaçılıqla bərabər rəqsin elmi tərəfdən də inkişafı, Azərbaycan rəqsinin dünyaya tanıdılması təmin edilmiş olacaq. Hər kəs rəqs edə bilər, amma elmi işlər görmək hamının bacaracağı bir iş deyil. Ona görə də Nailə xanımı səmimi qəlbdən təbrik edir, bu simpoziuma dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Bu elmi və yaradıcı tədbirlərin davamlı olmasını diləyirəm".

Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin dekanı, əməkdar artist Sənan Hüseynli: "Bu gün hər bir xoreoqraf üçün önəmli bir gündür. Bu gün bizim üçün çox böyük bir bayramdır, ona görə ki, Akademiyamız bu gün çox böyük səviyyəyə gəlib çatıb. 10 il az bir müddət deyil. Bizim məzunlarımız müxtəlif yerlərdə artıq peşəkar kadr kimi fəaliyyət göstərirlər. Bundan sonra da yaxşı kadrlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan Respublikasının əməkdar artisti, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev deyir ki, onu Azərbaycanla qırılmaz tellər bağlayır:

"Azərbaycan mənim Vətənimdir. Mən qəlbimdə daim yaşayan Azərbaycanla qürur duyuram. Buranı hər zaman doğma evim kimi qəbul edirəm. Azərbaycanda valideynlərimin məzarı yerləşir. Bir sözlə, məni Azərbaycanla qırılmaz tellər bağlayır. Dəvət üçün çox minnətdaram. Məktəbimin yaradılmasının ildönümündə məni xatırladıqları üçün təşəkkürümü bildirmək istərdim. Burada ilk təhsilimi almışam. Təhsilimin 9 ili məhz burada keçib. Bu teatrda 2 il çalışmışam. Burada mənim ilk solo baş rollarım olub. Buna görə də bunları heç vaxt unuda bilmərəm. Mənim bütün gələcək yaradıcılıq həyatımın təməli məhz burada qoyulub. Odur ki, mən hər zaman Bakıya böyük məmnuniyyətlə gəlir, Azərbaycandan və Bakıdan gələn dəvətlərə xüsusi həvəslə cavab verirəm. Beləliklə, bizim gələcək səmərəli əməkdaşlığımıza ümid edirəm və hamımızın çox sevdiyimiz xoreoqrafiya sənəti üçün layiqli kadrların yetişdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Azərbaycan Respublikasının əməkdar artisti, Rus balet teatrının inkişafı fondunun prezidenti, pedaqoji elmlər doktoru, Rusiya teatr sənəti institutunun (QİTİS) professoru Vitaliy Axundov: "Məni burada çox yaxşı qarşıladılar. İndi məzunlarla bağlı tamaşaya, daha sonra konsertə baxacağıq. Məncə hər şey yaxşıdır. Axı, hamımız Bakı Xoreoqrafiya Məktəbinin məzunlarıyıq. Qeyd etmək istərdim ki, xoreoqrafiya məktəbində dərs demişəm. Ümumiyyətlə, çox yaxşı təəssüratlarım var. Doğma evimdəyəm. Əlbəttə ki, Azərbaycan musiqisi mənim üçün doğmadır. Sıktıvkar və Moskavada "Yeddi gözəl" tamaşasını, Sıktıvkar və Saransk şəhərlərində isə "Min bir gecə" tamaşasını səhnələşdirmişəm. Bir sözlə, mən Azərbaycan musiqisini təbliğ edir və bundan zövq alıram". 

Azərbaycan Respublikasının Xalq artisti Afaq Məlikova:  "Bu gün bizim bayramımızdır. Bu bayram bütün dünyada qeyd olunur. Bu gün həm də Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasından 95 il ötür. Burada biz çoxlu sayda məzunlar gördük. Mən də xoreoqrafiya məktəbini bitirmişəm. 45 il dövlət rəqs ansamblında bədii rəhbər kimi çalışmışam. Buna görə də bu gün bizim üçün əlamətdar, sevincli gündür. Xüsusilə də yubileylər olanda insan çox gözəl hisslər keçirir. Çünki bu gün yeni yola qədəm qoyacaq gözəl uşaqlarımızı görəcəyik. Hesab edirəm ki, bu gün hər kəs üçün şən keçməlidir. Məktəbin yüz illiyini qeyd edəcəyimizə ümid edirəm".

Azərbaycan Respublikasının Xalq artisti Gülağası Mirzəyev: "Bu gün mənim üçün çox həyəcanlı gündür, mən bu gün Permdən "Arabesk" müsabiqəsindən buraya gəlmişəm. Təbii ki, bizim baletimizin də eyni peşəkar səviyyədə olmasını görmək istərdim. Bunun belə olması üçün mümkün olan hər şeyi etməyə çalışacağıq". Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.

Bildiririk ki, bu gün yüzlərlə peşəkar rəqqasların yetişməsində böyük əməyi olan  Bakı Xoreaqrafiya Akademiyasının məzunları Azərbaycan rəqslərini dünyada layiqincə tanıtmaqdadır.