Bu il markerlərə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib - RƏSMİ
Markerlərə əmək haqqı ödənilməsi qaydalarına əsasən, ödənişlər imtahan nəticələrinin elan olunmasından və nəticələrə dair iştirakçıların müraciətlərinin araşdırılmasından sonra həyata keçirilir. Bütün bu şərtlər müqavilədə əvvəlcədən qeyd olunur və marker öncədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hər hansı bir gecikmə baş vermir.
Bu barədə meqale.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yazı işlərinin yoxlanılması prosesində iştirak edən markerlərə əmək haqqı ödənişi təsdiq olunmuş tariflərə uyğun olaraq müqavilə əsasında ödənilir:
"Tariflər tapşırıqların cavablandırılması üçün tələb olunan mərhələ saylarına və yazı işlərinin yoxlanılmasına sərf olunan orta vaxtlara əsasən müxtəlif kateqoriyalara bölünür. Kateqoriyalar üzrə tariflər 1 yazı işi üçün 8 qəpikdən (1 ədəd yazı işinin yoxlanılmasına 9 saniyədən az vaxt sərf olunduqda) 35 qəpiyə qədər (1 ədəd yazı işinin yoxlanılmasına 40 saniyədən çox vaxt sərf olunduqda) dəyişir. Bəzi işlərin yoxlanılmasına (məsələn, xarici dil və yeni növ tapşırıqlar) isə 1 manat 10 qəpik ödəniş edilir.
Ödəniş məbləği markerin yoxladığı işlərin kateqoriyasına və sayına görə fərqlənir. Markerin yoxlama keyfiyyəti ona təqdim olunan tapşırıqların sayına təsir göstərir, yəni keyfiyyətli yoxlama aparan marker daha çox yazı işi qiymətləndirdiyi üçün daha yüksək əmək haqqı alır".
Qeyd olunur ki, 2025-ci ildə yazı işlərinin yoxlanılması ilə bağlı markerlərə ümumilikdə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib.
"Kampaniya dövründə buraxılış imtahanı fənləri (Azərbaycan dili, riyaziyyat, rus dili və xarici dil) üzrə bir markerə orta hesabla 1400-1500 manat, bütün fənlər üzrə isə bir markerə orta hesabla 700-800 manat əmək haqqı ödənilib.
Qaydalara əsasən, ödənişlər imtahan nəticələrinin elan olunmasından və nəticələrlə bağlı iştirakçıların müraciətlərinin araşdırılmasından sonra həyata keçirilir, çünki apellyasiya prosesinin nəticələri ödənişlərə təsir göstərə bilər. Məsələn, əgər marker səhvə yol veribsə, həmin yoxlama işi üçün ödəniş verilmir. Bütün bu şərtlər müqavilədə əvvəlcədən göstərilir və marker əvvəlcədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hər hansı bir gecikmə baş vermir", - məlumatda əlavə edilib.
Qeyd edək ki, təhsil ekspertləri televiziya kanallarına verdikləri müsahibələrdə marker müəllimlərin əmək haqqı məbləğlərinin çox aşağı olduğunu və ödənilməsinin aylarla gecikdiyini iddia edirlər.