Bu seçki dairəsi üzrə 10 seçicinin yaşı 100-dən yuxarıdır
"Yeddi fevral seçkilərinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiyyəti var. Çünki prezident seçkiləri ilk dəfədir ki, işğaldan azad edilmiş doğma Kəlbəcərimizdə də keçiriləcək. Hamımız böyük sevinc və həyacanla seçki gününə hazırlaşırıq. Bütün kəlbəcərlilərin səsvermədə iştirak edəcəyinə əminəm".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayev deyib.
DSK sədri bildirib ki, dairənin 64 seçki məntəqəsindən ikisi ilk dəfədir Kəlbəcər ərazisində fəaliyyət göstərir: "Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı Kəlbəcərin qalın qar örpəyinə bürünməsinə və yollarda gediş-gəlişin nisbətən çətinləşməsinə baxmayaraq sözügedən məntəqələrin təchizat və təminat məsələləri lazımi səviyyədə həll edilib. Digər məntəqələrimizdə olduğu kimi burada da 7 fevral prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri yekunlaşıb".