“Muğam mühazirələri” adlı konsertin ilk təqdimatı baş tutdu - FOTO

Beynəlxalq Muğam Mərkəzində "Muğam mühazirələri" adlı konsertin ilk təqdimatı baş tutdu. "Azərbaycan muğamı" adlı yeni layihə çərçivəsində reallaşan gecəyə  tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikov rəhbərlik edirdi.

Muğam konserti şəklində təqdim olunan  ədəbi-bədii gecədə "Rast" muğamı səsləndi. "Rast" muğamının ifaçılıq xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında muğam ustasının maraqlı və diqqətkəsən söhbət və fikirlərini  gecə boyunca BMM-nin solistləri Məmməd Nəcəfov, Hüseyn Məlikov və Muğam Televiziyasının qalibi Rəvan Qaçayevin ifaları əvəzləyirdi. Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdirirdilər. Layihənin məzmununa uyğun olaraq Aqil Məlikovun  səhnədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı,  muğam musiqisinə təsiri mövzusunda çıxışı yüksək ifaçılıqla təqdim olunurdu. Bu da tamaşaçıların böyük marağı və yüksək alqışları ilə qarşılanırdı.  Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışan Aqil Məlikovun arabir xanəndələrə qoşularaq bərabər ifa etməsi tamaşaçıların böyük alqışları ilə qarşılanırdı. Ustad sənətkarın bəzən  gənc xanəndələrə  özünəməxsus şəkildə müdaxiləsi də gecənin daha da yaddaqalan olmasına zəmin yaratdı. Muğam sənətimizin təbliğinə yönələn və maarifləndirici xarakter daşıyan konsert -mühazirədə xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət müşayiət edirdi.