Şabranda “İrsin izi ilə” rəssamların simpoziumu - Azərbaycan xalqının ənənələrinə, qədim sənət nümunələrinə müasir rəssamların gözü ilə
"Leyla Khazary Art Qallery" və "Shabran Wellbeing Resort" 22-27 yanvar "İrsin izi ilə" simpoziumunu təqdim edir.
"İrsin izi ilə" simpoziumunun əsas qayəsi Azərbaycan xalqının zəngin irsinə, ənənələrinə, qədim sənət nümunələrinə müasir rəssamların gözü ilə yenidən nəzər yetirmək, onların yaradacağı yeni tablolarda qədim sənət növlərinin təcəssümünü yaratmaq, əsrlər arasında dialoq, körpü qurmaq, qədim incəsənətlə müasir rəngkarlığın vəhdətini axtarıb tapmaqdır.
"Shabran Wellbeing Resort" geniş və yaşıl ərazisi, bənzərsiz memarlığı və interyeri, təbiətin nadir gözəlliyə və sakitliyə məxsus bir guşəsində yerləşməsi, burada bədii yaradıcılıqla məşğul olan sənətkarlara, musiqiçilərə, yazıçılara, incəsənət xadimlərinə verilən xüsusi diqqət, göstərilən dəstək və qayğı simpoziumun keçirilməsi üçün onu ideal məkana çevirir.
Azərbaycanda fərdi sərgilərlə yanaşı, incəsənət haqqında sənədli filmlər nümayiş etdirən, ustad dərsləri və çıxışları təşkil edən, korporativ sifarişlər qəbul edən, böyük şirkətlərə məxsus və fərdi məkanların dizaynı, interyeri ilə bağlı xüsusi xidmət və bu məkanlara uyğun rəngkarlıq əsərləri təklif edən, qalereya işində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı olan, ölkənin ən məşhur rəssamları ilə əməkdaşlıq edən, gənc rəssamlara yaşıl işıq yandıran, böyük və maraqlı kolleksiyaya malik "Leyla Khazary ArtGallery"nin fəaliyyəti yalnız Bakı ilə məhdudlaşmır. Bölgələrdə keçirilən simpoziumlar artıq onun fəaliyyətinin çox vacib bir hissəsinə çevrilib.
"Leyla Khazary Art-Qallery"nin 2022-ci ildə təşkil etdiyi simpozium uzun müddət yerli medianın diqqətindən düşmədi. Simpoziumun nəticələri nəinki qonaqları və yerli əhalini, o cümlədən rəssamların özlərini də valeh etdi. Azərbaycanın tanınmış rəssamları yeni əsərlərini demək olar ki, canlı formatda, birbaşa simpoziumun keçirildiyi müddətdə yaratdılar. Yaradılan ab-hava, qonaqların, tanınmış incəsənət ustalarının iştirakı, göz qabağında yaranan əsərlərin uğuru Qalereyanı bu formatı davam etdirməyə və bu bayramı Azərbaycanın digər dilbər guşələrində də keçirməyə ilhamlandırdı. Bu simpioziumların əsas hədəflərindən biri də bölgələrdə turist potensialının artırılmasıdır. Turizm təkcə qədim memarlıq abidələri deyil, həm də müasir incəsənət, milli mətbəx, canlı ünsiyyət, yüksək sənət əsərləri, müasir istehsal, yeni tanışlıqlar, əlaqələrdir.
Növbəti "İrsin izi ilə" simpoziumu ilə "Leyla Khazary Art-Qallery" diqqəti Azərbaycanın dilbər guşəsi, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şabranın qış fəslindəki gözəlliyinə cəlb edir.
Sasanilər, Şirvanşahlar dövlətlərini, qədim karvan yollarını - İpək yolunu, Quba xalçaçılıq əktəbinə aid edilən Pirəbədil xalçalarını, ənənəvi dulusçuluq sənətini, metal işlərini, tökmə işini, zərgərliyi, silah və şüşə istehsalını, ipək və yun məhsullarını özündə birləşdirmiş Şabran türkiyəli səyahətçi Evliya Çələbinin təbirincə, Təbrizdən sonra əhəmiyyətinə görə ikinci şəhər sayılırdı. A.Bakıxanov Şahnəzərli kəndi yaxınlığında yerləşən qədim xarabalıqların Gülüstani-İrəm şəhəri olduğunu ehtimal edirdi. Şirvanın böyük şairlərindən biri Xaqani Şirvani bu şəhərdə həbsdə olarkən özünün məşhur "Həbsiyyə" şeirlərini yazmışdı.
Qafqaz dağlarının qara bürünmüş sıldırım zirvələri, yarpaqlarını tökmüş meşələrin sanki qrafika rəssamının əli ilə yaradılmış cizgiləri, dağ heyvanlarının acıdığı cığırlar, donmuş şəlalələr, çay yataqları, yuxuya dalmış və yaz aylarının həsrətini çəkən səssiz, yatmış təbiətə rəssamların gözü ilə baxmaq, qışı olduğundan da artıq hiss etmək, ona valeh olmaq tamam ayrı bir təcrübədir. Bu gözəlliyi rəssamlardan daha artıq kim öz əsərində hiss etdirə bilər?!
Şabran nəinki qədim ənənələri özündə yaşadan, həm də müasir incəsənətin yaranacağı bir məkan, simpoziumda iştirak edəcək rəssamların, yaradıcı şəxslərin, incəsənət ustalarının növbəti görüş yeri kimi yaddaşlarda həkk olacaq.